“Vicdan köçü”

Barbaros Şansal var idi, bir selfi video elədi, tutuldu. O zaman ağlıma gəlmişdi ki, belə bədbəxt ölkələrdən insanların getməsi təkcə beyinlərin getməsi deyil. Həmin video mübahisəli ola bilər, amma mənə çox pis təsir elədi, sarsıldım. “Bokunda boğul, Türkiye” ifadəsində Türkiyəyə sevgisi, yanğısı, Türkiyənin Türkiyə olmasına çəkilən əziyyətə təəssüflənmə sezilir. Adam ölkədən çıxıb bunu demişdi, sonra qaytardılar, linç elədilər.

Tanıdığım gənclərin azı yarısından çoxu ciddi surətdə xaricə getməklə məşğuldur – ya oxumağa, ya mühacirətə, ya işləməyə. Hər necəsə - hər kəs qaçır ölkədən. Təbii prosesdir. Ölkə ən çox gənclər üçün yaşanılmaz hala gəlib. İnsan hüquq və azadlıqları o dərəcədə məhdudlaşdırılıb ki, insanların, xüsusən də, enerji ilə aşıb-daşan gənclərin özünü ifadə etməsi üçün ən adi akademik, yaradıcı, sosial mühit yox səviyyəsindədir.
Bu proses adətən “beyin axını” adlandırılır. Çox ağrılı prosesdir. Bir çox ölkələrdə də baş verib. Siyasi və iqtisadi cəhətdən inkişaf edə bilməyən üçüncü dünya dövlətləri mütəmadi olaraq, beyinlərini inkişaf etmiş Qərb ölkələrinə ötürürlər. Bunun qarşısını qismən də olsa, almaq bəzi ölkələrdə mümkün olub. Belə ki, ölkədə rejim dəyişilib, demokratiya qurulub, insanlara imkanlarını realizə etməsi üçün nisbətən bərabər şərait yaradılıb, nəticədə insanlar ideyalarını öz ölkələrində və öz ölkələri üçün tətbiq ediblər.
Adamların ideyalarını, enerjilərini öz ölkələri üçün xərcləməsinin 3 motivi olur adətən:

-    
               - Xaricə getmək və orada hər şeyi sıfırdan qurmaq çətindir. Şərait varsa, ən yaxşısı öz         ölkəndir.
-            - Öz ölkəndə daha çox pul qazanmaq imkanı.
-            - Öz ölkənə olan sevgi.

İlk ikisi praqmatik mövqedir və hər kəs belə düşünməkdə haqlıdır. Sonuncu isə idealist mövqedir və hər kəs belə düşünmür. Sonuncu motivə malik insanların ölkədən çıxması yalnız “beyin köçü” deyil, həm də “vicdan köçü”dür.

Öz ölkəmizin nümunəsindən götürə bilərik. Əlbəttə, “beyin köçü” daha geniş miqyasdadır, onsuz da “vicdan köçü” də “beyin köçü”nün tərkib hissəsidir. Amma ən azı mənim, yaxınlarımın tanıdığımız xeyli insan var ki, vətənlərini sevirlər, bu ölkənin inkişafı üçün təmənnasız çox şey edə bilərlər, necə ki, ediblər də. Hər kəs kütlə olmağın rahatlığı ilə azadlığını qurban verib susanda onlar özlərindən yüz dəfələrlə çox kütlənin əvəzinə danışıblar, yazıblar, tutulublar, işgəncə görüblər, təşkilat qurublar, mitinqlərə çıxıblar, dərd çəkiblər...

Həmişə də dözüblər ölkədə. Ən sona qədər dayanan onlardır. Çünki onlarda yuxarıda sadaladığım 3 motivdən ən sonuncusu var. Digər 2 motivlə hərəkət edən adamlar üçün qərar vermək o qədər də çətin deyil, çünki qərarı riyazi olaraq, hesablaya bilirlər. “Bakıda filan qədər maaş alıram, filan qədər rüşvət verirəm, Amerikada filan qədər qazanacam, rüşvət verməyəcəm. Vəssalam, yol pulu, viza-filan. Gedirik”. Amma sonuncu motivə malik insanlarda belə deyil. Onlar hesablamanı ən sonuncu edirlər. Çünki riyazi ifadə oluna bilməyən bir baryer var ki, onu keçmək zülmdür. Vicdanı başa salmaq olmur. İnanıram ki, yüzlərlə vicdanlı insan saatlarla öz-özü və ya həyat yoldaşı ilə oturub söhbət edib bu baryeri getməyə razı salmaq üçün.

Hesablamalar isə asan məsələdir. Bu adamlar uğurlu insanlardır. Azərbaycan kimi biznes mühiti bərbad olan ölkədə ayaqda durub yaşaya biliblərsə, əksəriyyəti demokratik mühitdə rahatlıqla yaşayarlar (əgər çalışsalar, əlbəttə). Digər insanlar heablamaları çox ciddiyətlə, ən məsuliyyətli iş kimi edirlər. Həmişə fikir vermişəm ki, ciddi məsələlərlə məşğul olmağa cəsarəti çatmayan insanlar az əhəmiyyətli məsələləri süni surətdə ciddiləşdirirlər. İnanmırsınız, yekə-yekə kişilərin söhbətlərinə qulaq asın, nə qədər mənasız, gündəlik məsələlər haqqında necə ciddi danışırlar. Belə adamlar bir az ciddi, təhlükəli situasiyalarda özlərini itirirlər. Ona görə də insanların əksəriyyəti hərbidə, müharibədə, həbsdə ən əclaf hərəkətləri edə bilirlər. Çünki çətin vəziyyətdə özlərini necə aparacaqlarını bilmirlər.

Vicdanlı insanlar isə problemlərin üzərinə gedirlər və hədəfi görürlər. Hədəf idarə edənlərdir. Bunu hər kəs bilir, amma cəsarət hər kəsdə eyni səviyyədə olmur. Cəsarətsiz, hətta şərəfsiz, əclaf, amma savadlı, ölkə üçün çox lazımlı adamlar var. Onlar üçün kimə işləməyin fərqi yoxdur. İŞİD-in videolarına baxanda görünür ki, onları peşəkar mütəxəssislər hazırlayıb. Yaxud Şimali Koreyanın hakerləri dünyada məşhurdur. Mənəvi dəyərlərin onlar üçün o qədər də əhəmiyyət kəsb eləmədiyi, kəsb eləsə də, qorxusundan daha çox pul verənə işləmək variantını seçən adamlar bizdə də xeyli var. Dövlət idarələrində də işləyirlər, xaricdə oxuyub, gəliblər, lazımlı mütəxəssislərdir. Rejim dəyişəndən sonra da onlar lazım olacaqlar. Amma belələrini qazanmaq heç olmasa, çoxlu pul xərcləyərək mümkün olur.

Vicdanlı insanları isə qazanmaq çox çətindir. Onları yetişdirən bir aparat yoxdur. Yaxşı tərbiyədən tutmuş, təsadüfi uğurlu sosial mühitə və ya genetik səbəblərə qədər müxtəlif amillər onların yetişməsində rol oynaya bilər – dəqiq bilmirəm. Amma onların yetişməsinin savadlı əclaflardan və ya savadlı qorxaqlardan daha çətin olmasını dəqiq bilirəm. Vicdanlı insanlara savad verib onları savadlı etmək olar, amma vicdansız savadlı insana vicdan vermək olmur.


İndi vicdanlı və savadlı insanlar da ölkədən gedirlər. Tarixi faciəmizi yaşayırıq. “Beyin köçü” ağıllı başları, “Vicdan köçü” isə həm ağıllı başları, həm də bu ölkə üçün döyünən böyük ürəkləri götürüb aparır. Vicdanını itirmiş ölkələr isə həqiqətən də, “poxunda boğulanlar”dır.

Comments