Qəhrəmanımızı tanıyaq

Chelsea Manning-i buraxdılar. Halbuki əməlində cinayət tərkibi var idi. Özü də ağır maddə idi – casusluq. Dövlət və hərbi sirləri faş eləmişdi. Onun və bir neçə digər qəhrəmanın sayəsində biz Wikileaks kimi tanıdığımız çoxlu məlumatla tanış olmaq imkanı əldə etdik. Öz idarəedicilərimiz daxil olmaqla dünyanın bir çox dövlətlərini idarə edənlərin, yumşaq desək, nə qədər qəddar, qeyri-demokratik hərəkətlər etdiyinin şahidi olduq. Obama da hakimiyyətinin bitməsinə az qalmış Manning-i əfv elədi.

Manning formal olaraq cinayət törətsə də, onun bəşəriyyətə verdiyi xeyir ABŞ dövlətinə vurduğu zərərdən çox hesab edildi. Belə bir ifadənin yazıldığı akt olmadı, amma Chelsea-nin azadlığını arzulamış hər kəs, o cümlədən Obama belə hesab etdi yəqin.

Bir də heç bir cinayət törətmədən həbsdə olanlar var. Amnesty İnternational onlara haqlı olaraq vicdan məhbusu deyir. Vicdanlı olmağın cinayət sayıldığı ölkələrdə vicdanlı adamlara təzyiq edirlər. O gün Human Rights Watch-un Cənubi Qafqaz üzrə insan hüquqları eksperti Giorgi Gogia İlkin Rüstəmzadə barədə yazmışdı ki, “Etmədiyin cinayətə görə 4 il içəridə qalmaq çoxdur.” Absurddur. Amma düzgün təsvirdir, çünki absurdu təsvir edir.

Yeri gəlmişkən, öz balaca aləmimizdə Azərbaycan ictimaiyyəti saydığımız, bu yazını və bənzər digər yazıları oxuyan bir neçə min insanın xeylisi artıq İlkini tanımır. Yaxşı ki, gənclər qoşulur, 4 il əvvəlki hadisələr zamanı uşaq olanlar da fikirlərini ifadə edir, oxuyur, mövqe qoyurlar. Amma heyf ki, xeylisi öz qəhrəmanlarını tanımırlar. Tanışdırım.


İlkin Rüstəmzadə tutularkən, İqtisad Universitetinin 4-cü kursunda oxumuş bir gəncdir. 25 yaşı bu il olacaq. 2013-cü ildə müxtəlif gənclər təşkilatlarının liderlərinə ayrı-ayrı, toplu halda yaxınlaşaraq, içi yana-yana “bu əsgər ölümlərinə bir etiraz etməliyik” deyirdi. Müraciət etdiyi gənclər də onu dinləyir, başlarını bulayır, bunun çətin olduğunu, hazırlaşmaq lazım olduğunu deyirdilər. Əslində zınqrovu kimsə pişiyin boynuna asmalı idi. Bunu həmişəki kimi hansısa təşkilat etsə idi, effekti elə əvvəlki aksiyalardakı kimi ola bilərdi. Çətin qərar idi, amma İlkin hamını bu qərarı vermək əziyyətindən xilas etdi.

Özü facebook-da “event” yaratdı, gənclər təşkilatları da onu dəstəkləməli oldular. Ardınca dinc, polisin də, əsasən, dinc davrandığı mitinq oldu. Fəvvarələr meydanında – 3000 nəfərlik. İştirakçıların əksəriyyəti ictimai sektora aidiyyatı olmayan adamlar idi. Sevinirdik, qürurlanırdıq, İlkinsə dayanmaq fikrində deyildi, çünki missiyasının “like” yığmaq, qürurlanmaq olmadığını bilirdi. Ayyarım sonra yenə “event” yaratdı... Ardını 7 mart həbslərindən, 10 mart mitinqlərindən oxuyun.

Səkkizimizi tutdular, amma yeddimizi buraxdılar. İlkin hələ də həbsdədir. Heç nəyə də razılaşmır – kiməsə işləməyə, harasa qol çəkməyə. Onu qurban kimi təqdim edib gözünüzdə qaldırmaq istəmirəm. O, sadəcə savadlı, vicdanlı, saf və cəsarətli gəncdir. Vəssalam. Bu xüsusiyyətlərin bir yerdə olduğu adamı azadlığa buraxmamaqları özləri üçün məntiqli olsa da, onun həbsinin davam etməsinin məntiq çərçivəsində baş verdiyini düşünmürəm. Səbəbi bilmirəm. Onu bilirəm ki, İlkin azadlığa layiqdir, çoxdan, həmişədən layiqdir. Onu həbsdə saxlamağın heç nəyə heç bir faydası yoxdur.


İstər Chelsea kimi cinayət törətsin, istər İlkin kimi heç bir cinayət törətməsin, öz proqressiv ideyası uğrunda cəsarətli hərəkətlər etmiş adamlar hörmətə və azadlığa layiqdirlər. İndi əlimizdə olan azadlıq birbaşa onların əsəri olmaya bilər (əksər hallarda deyil), amma biz yenə də bizim azadlığımız uğrunda illərini qurban verən insanlara minnətdar olmalıyıq. Bir neçə gün qabaq İlkinin həbsdə 5-ci ili başladı və Penitensiar Xİdmətin xəstəxanasına yerləşdirildi. O, əsgərlərimizi cəsarəti hesabına qoruya biləcəyini düşünmüş və buna görə 8 illiyinə azadlıqdan məhrum edilmiş qəhrəmanımızdır.

Comments