Jan 31, 2017

İsanın dönüşü və ya modernizmin yeni triumfu

Rəsulzadənin sovetlərin yıxılacağına və Azərbaycanın yenidən müstəqilləşəcəyinə on illər öncə olan əminliyi 1991-də təsdiqini tapdı. Zaman-zaman bu dahi adamın digər əminlikləri də təsdiqini tapır. O, modernist idi. Təəssüf ki, Atatürk qədər məqsədi vasitədən üstün tuta bilən adam, sərkərdə deyildi və öz ideyaları üçün uğursuz zaman və məkanda fəaliyyət göstərirdi.

Amma Atatürklə oxşarlığı modernistliyində idi. Liberalizmə, insan hüquq və azadlıqlarının aliliyinə, sekulyarizmə, demokratiyaya sadiq idi və bəşəriyyət üçün bunu xilas sayırdı. O, xilasa inanırdı. Xilaskar İsaya etiqad edən protestant əxlaqında öz ifadəsini tapmış kapitalizm və liberalizmin də inandığı xilasa. Rəsulzadə qətiyyən post-modernist deyildi, onun üçün ağ və qara var idi, pozulmaz, ali dəyərlər var idi.

Bütün bu inandıqlarını ölkəsində bərqərar etməyə çalışırdı. Qismən edə bildi və ardını bacarmadı. Həm də ona görə ki, Atatürk qədər inqilabçı deyildi, daha çox islahat, təkamül meylli adam idi. O, Azərbaycanın müstəqilliyi ideyasını daha çox 1918 mart soyqırımı başlayandan sonra müdafiə etməyə başladı, buna kimi Rusiya tərkibində siyasi-mədəni muxtariyyət ideyasına daha çox sadiq idi. (Hətta müstəqilliyi müdafiə edəndə də Zaqafqaziyanın tərkibindən ən son çıxan Azərbaycan oldu.)

Ona görə yox ki, Azərbaycanı az sevirdi, ona görə ki, məsələləri yavaş-yavaş həll etmək istəyirdi, qəfil dəyişiklikləri təhlükəli hesab edirdi. Çünki humanist idi, kiminsə onun qərarı nəticəsində ölməsinə çətin dözərdi. Bu baxımdan Rəsulzadəyə çox bənzəyən Elçibəy 1993 qiyamında niyə hərbi müqavimət göstərilməməsi ilə bağlı suala təxminən belə cavab vermişdi ki, mən prezidentəmsə, mənim əmrimlə mənim əsgərim ölməməlidir.

Jan 26, 2017

Tale Bağırzadə müdafiə olunmalıdırmı?

Hər dəfə Tale Bağırzadə və eyni cinayət işi üzrə digər təqsirləndirilənlərin məhkəmə prosesindən şok xəbər gələndə sosial şəbəkələrdə müzakirələr qızışır. Bir qrup adam dini etiqadına görə həbs edilmiş siyasi məhbusları müdafiə edir, digər qrup isə onları müdafiə etməyin sekulyarizmimiz üçün təhlükəli olacağını deyir. Düzdür, başqa 2 qrup da fərqləndirmək olar – Talegili İran agenti adlandıranlar və şiəliyin, şəriətin Azərbaycan üçün daha yaxşı idarəçilik forması olmasını iddia edənlər. Amma bu ifrat tərəflərlə mübahisə edən azdır deyə, mən bir az yumşaq olanları izləyirəm.

Nardaran işi üzrə həbsdə olanları müdafiə etməyin təhlükəli olacağını bildirənlər bir neçə əsas arqument irəli sürürlər: 
     
     1)    Onlar şəriət istəyirlər. Bu isə bizim müdafiə etdiyimiz dəyərlərə ziddir.             
     2)    İran təcrübəsi.
     3)    Onlar hakimiyyətə gəlsələr, sekulyarlıq məhv olacaq.

Mən bu arqumentlərin tərəfdarlarını müdafiə etmədiyimdən öz mövqeyimi bunların tənqidi üzərində izah edəcəyəm.

Şəriət özlüyündə bizim müdafiə etdiyimiz dəyərlərə ziddir. Hüquqi, sekulyar,demokratik dövlətdə faşizm, şəriət qadağandır və ya qadağan olunmalıdır. Amma şəriətlə yaşamaq istəyən insanın bunu dilə gətirməsinə, təbliğ etməsinə görə həbs edilməsi, işgəncə görməsi, ömürlük və ya başqa müddətə azadlıqdan məhrum edilməsi də dəyərlərimizə ziddir. Bəşəri dəyərlər kimi tanınan modernist Qərb dəyərlərinin qalib olmasının səbəbi nədir? Başqa sözlə, niyə məhz bu dəyərlər bəşəri adını qazandı və əksər insanlar ona doğru can atır? Əsas səbəblərdən biri toleransdır. Yad fikrə dözümlü olmağın sayəsində dialoq, birgə fəaliyyət və nəticədə doğruların, yaxud mövcud situasiyaya daha müvafiqinin tapılması mümkün olmuşdur. Nəticədə Şərq indi bataqlıqdan çıxma yollarını tapa bilməyəndə Qərb öz inkişafında çox-çox uzaqlara gedib çıxmışdır.

Jan 21, 2017

“Vicdan köçü”

Barbaros Şansal var idi, bir selfi video elədi, tutuldu. O zaman ağlıma gəlmişdi ki, belə bədbəxt ölkələrdən insanların getməsi təkcə beyinlərin getməsi deyil. Həmin video mübahisəli ola bilər, amma mənə çox pis təsir elədi, sarsıldım. “Bokunda boğul, Türkiye” ifadəsində Türkiyəyə sevgisi, yanğısı, Türkiyənin Türkiyə olmasına çəkilən əziyyətə təəssüflənmə sezilir. Adam ölkədən çıxıb bunu demişdi, sonra qaytardılar, linç elədilər.

Tanıdığım gənclərin azı yarısından çoxu ciddi surətdə xaricə getməklə məşğuldur – ya oxumağa, ya mühacirətə, ya işləməyə. Hər necəsə - hər kəs qaçır ölkədən. Təbii prosesdir. Ölkə ən çox gənclər üçün yaşanılmaz hala gəlib. İnsan hüquq və azadlıqları o dərəcədə məhdudlaşdırılıb ki, insanların, xüsusən də, enerji ilə aşıb-daşan gənclərin özünü ifadə etməsi üçün ən adi akademik, yaradıcı, sosial mühit yox səviyyəsindədir.
Bu proses adətən “beyin axını” adlandırılır. Çox ağrılı prosesdir. Bir çox ölkələrdə də baş verib. Siyasi və iqtisadi cəhətdən inkişaf edə bilməyən üçüncü dünya dövlətləri mütəmadi olaraq, beyinlərini inkişaf etmiş Qərb ölkələrinə ötürürlər. Bunun qarşısını qismən də olsa, almaq bəzi ölkələrdə mümkün olub. Belə ki, ölkədə rejim dəyişilib, demokratiya qurulub, insanlara imkanlarını realizə etməsi üçün nisbətən bərabər şərait yaradılıb, nəticədə insanlar ideyalarını öz ölkələrində və öz ölkələri üçün tətbiq ediblər.
Adamların ideyalarını, enerjilərini öz ölkələri üçün xərcləməsinin 3 motivi olur adətən: